Media
Ankara şəhərində Türk Dünyası Notariuslar Birliyinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib
05 oktyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində Türk Dünyası Notariuslar Birliyinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyətində Nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov, Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Adil Əbilov, Azərbaycan Notariat Palatası İdarə heyətinin sədri Hüseyn Məmmədov və Azərbaycan Respublikasında fəaliyyət göstərən bir qrup notariuslar təmsil olunublar.
Təntənəli tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunc, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Qazaxıstan Respublikasının ədliyyə naziri Azamat Yeskarayev, Özbəkistan Respublikası ədliyyə naziri Akbar Taşkulov, Qırğızıstan Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sydykov iştirak edərək türk dövlət başçıları tərəfindən qarşılıqlı əlaqələrin inkişafının yeni səviyyəyə çıxarılmasını və türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini qeyd edərək, ədliyyə, o cümlədən notariat sahəsində əməkdaşlığın artmasının zəruriliyini vurğulayıblar.
Azərbaycan Republikasının ədliyyə naziri F.Məmmədov çıxışında ortaq tarixi köklərə bağlı olan, ölkələrimizi və xalqlarımızı birləşdirən Türk dünyasının yeni bir oyanış, dirçəliş içərisində olduğunu, TDT çərçivəsində sıx əməkdaşlığı qeyd edib, dövlətimizin başçısı İlham Əliyevin Türk ölkələrin rəhbərləri ilə görüşlərinin və mühüm sənədlərin imzalanmasının bu əlaqələrin dinamik inkişafının əyani təzahürü olduğunu vurğulayıb.
Bildirilib ki, türk dövlətləri ilə ədliyyə, xüsusilə elektron xidmətlərin göstərilməsi, notariat, hüquqşünasların tədrisi və digər sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilir, qarşılıqlı səfərlər edilərək faydalı təcrübə mübadiləsi aparılır.
Nazir yeni iqtisadi reallıqlar və çağırışlar, xüsusilə dördüncü sənaye inqilabı şəraitində get-gedə rolu artan və əhaliyə çoxşaxəli və müasir xidmətlər göstərən notariusların Türk dünyası çərçivəsində vahid platformasının yaradılmasının əhəmiyyətini qeyd edib, Azərbaycanın bu sahədə müsbət təcrübəsi ilə bölüşüb.
Ölkəmizdə xüsusi notariat institutunun, “Elektron notariat” informasiya sisteminin, əhaliyə məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən “Mobil notariat”ın, yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi maraqla qarşılanıb.
Çıxış zamanı azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, torpaqlarımızın büsbütün, hətta müharibədən sonra Ermənistan tərəfindən minalanmasının bu prosesə ciddi əngəl törətdiyi, 300-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olduğu bildirilib, qanunsuz erməni silahlı birləşmələrinə qarşı aparılan və suverenliyimizin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərinə toxunulub. Azərbaycanın haqq işində türk dövlətlərinin və TDT-nin dəstəyi minnətdarlıqla qeyd olunaraq tədbir iştirakçıları tərəfindən böyük sevinc və rəğbət hissi ilə qarşılanıb.
Bildirilib ki, TDT-nin təsis məkanı olan Naxçıvana Zəngəzur dəhlizinin çəkilməsi xalqlarımız arasında körpü rolu oynayaraq Türk dünyasını daha sıx birləşdirəcəkdir.
Tədbirdə Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Türkiyə Notariuslar Birliyinin sədri Emine Çağlayan, Özbəkistan Notariat Palatasının sədri Dilşod Aşurov, Qazaxıstan Respublika Notariat Palatasının sədri Asel Canabilova və Qırğızıstan Notariat Palatasının sədri Sımbat Rıskulova çıxış edərək Türk Dünyası Notariuslar Birliyinin yaranmasının zəruriliyini, qarşılıqlı əməkdaşlığın istiqamətlərini və Birliyin yaranmasının üzv ölkələrdə notariat fəaliyyətinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəyinə əminliklərini bildiriblər.
Çıxışlardan sonra Azərbaycan Notariat Palatası, Türkiyə Notariuslar Birliyi, Qazaxıstan Respublika Notariat Palatası, Qırğızıstan Notariat Palatası və Özbəkistan Notariat Palatası arasında Türk Dünyası Notariuslar Birliyinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıbdır.
Tədbir çərçivəsində Azərbaycan Notariat Palatasının nümayəndə heyəti ilə Türkiyə Notariuslar Birliyində digər türk dövlətlərinin notariat qurumlarının təmsilçiləri arasında görüş keçirilib, əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, daha sonra təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində fəaliyyət göstərən notariat ofislərinə səfər təşkil edilibdir.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans