Media

Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır

 

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Belarus Notariat Palatasının dəvəti ilə 28-29 noyabr 2024-cü il tarixlərdə Belarus Respublikasının Minsk şəhərində işgüzar səfərdə olmuş və həmin tarixlərdə təşkil olunmuş “Müasir dünyada hüquq” mövzusunda Beynəlxalq Hüquq Forumunda 2 saylı Bakı “ASAN xidmət” xidmət mərkəzində notariat ofisinin notariusu, Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədri Hüseyn Məmmədov, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Azər Hacıyev və Qəbələ “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbandan ibarət tərkibdə təmsil olunmuşdur.

Forumda “Hüquq və ictimai inkişaf”, “Hüquq yaradıcılığı doktrinasına və təcrübəsinə müasir çağırışlar”, “Hüquq və texnologiyaların sinergiyası”, “Biznesin hüquqi mühiti”, “Müasir ədalət mühakiməsi: əlçatanlıq və səmərəlilik, “Hüquq elmi və təhsil” mövzuları üzrə panel iclasları təşkil edilmiş, müzakirələr aparılmışdır.

“Biznesin hüquqi mühiti” paneli çərçivəsində Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Daşınmaz əmlak dövriyyəsində vətəndaşların və sahibkarlığın hüquqi müdafiəsinin təmin olunmasının aktual məsələləri” mövzusu üzrə seksiyada qanunvericiliyin və mövcud təcrübənin hazırki vəziyyəti təhlil olunmuş, mümkün perspektivlər müzakirə olunmuşdur. Seksiyada Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Daşınmaz əmlak dövriyyəsində notariusun rolu” mövzusunda çıxış edərək bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi və əqdlərin rəsmiləşdirilməsi təcrübəsi barədə məlumat vermişdir. Azərbaycan Respublikasında daşınmaz əmlakla bağlı dövriyyənin hüquqi tənzimlənməsi, daşınaz əmlakla bağlı əqdlərin rəsmiləşdirilməsinin xüsusiyyətləri və bu prosesdə notariusun rolu barədə məlumat verən H.Məmmədov dinləyicilərin maraq doğuran suallarını cavablandırmışdır.

Nümayəndə heyətinin Minsk vilayət və Minsk şəhər palatalarına, həmçinin Minsk şəhər 6 saylı notariat kontoruna səfərləri təşkil edilmiş, palataların və notariat kontorunun iş fəaliyyəti, o cümlədən arxiv işinin təşkili ilə tanışlıq və təcrübə mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində nümayəndə heyəti Belarus Notariat Palatasının Gənc Notariuslar Şurasının təşkilatçılığı ilə palatanın çoxfunksiyalı mərkəzində notariuslar və notariat kontorları əməkdaşları üçün təşkil olunmuş “Payız hüquq məktəbi” elmi-praktik seminarında iştirak etmişdir. Seminarda Hüseyn Məmmədov “Azərbaycan Respublikasında notariat”, Azər Hacıyev isə “Məsafədən notariat hərəkətlərinin aparılması təcrübəsi” mövzularında çıxış və təqdimatlar edərək ölkəmizin notariat sistemi, notariat hərəkətlərinin dairəsi, Elektron notariat informasiya sisteminin funksionallıqları və “Mobil notariat” tətbiqinin imkanları barədə seminar iştirakçılarını məlumatlandırmışlar.

Noyabr ayının 29-da Belarus Notariat Palatası və Azərbaycan Notariat Palatası arasında Əməkdaşlıq memorandumu imzalanmışdır. Azərbaycan Notariat Palatası sədri Hüseyn Məmmədov və Belarus Notariat Palatasının sədri Natalya Borisenko bildirmişlər ki, iki ölkənin notariat palatası arasında imzalanmış bu sənəd qabaqcıl notariat təcrübəsinin formalaşdırılması və tətbiqi, notariat fəaliyyəti üzrə qanunvericiliyin təkmilləşdirilməsi, notariat sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması, eləcə də elektron sistemlərin təkmilləşdirilməsi sahəsində məlumat mübadiləsini və əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin, hüquqi maarifləndirmənin, hüquq və xidmət keyfiyyətinin artırılması istiqamətində işlərdə də əməkdaşlıq etmək barədə razılığa gəliblər.