Media

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda iştirak edib

 

29-30 may tarixlərində Azərbaycan Notariat Palatasının nümayəndə heyəti  Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin və Özbəkistan Respublikasının Notariat Palatasının dəvəti ilə Daşkənd  şəhərində “Daşkənd Hüquq Baharı” IV Beynəlxalq Hüquq Forumunda iştirak edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Notariat Palatasının üzvü, Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi və Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu Fuad Səfərov təmsil olunublar.

 

Foruma yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri və elm xadimləri də daxil olmaqla 30 dövlətdən 600-dən çox nümayəndə qatılıb.

 

Forumda iştirak edən Ədliyyə naziri Fərid Əhmədov əsas plenar iclasda hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə danışıb. Bu sahədə müasir çağırışlarla bağlı çıxış edən F.Əhmədov Ədliyyə Nazirliyi tərəfindən hüquqi təhsil sahəsinin inkişafı və hüquq sisteminin müasirləşdirilməsi baxımından əhəmiyyətli addımlar atıldığını vurğulayıb.

 

“Rəqəmsal notariat. Növbəti nə var?” adlı sessiya çərçivəsində çıxış edən Sübhi Bektaşi Azərbaycanda notariat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində atılan mühüm addımlardan bəhs edib. O qeyd edib ki, notariat sistemində informasiya texnologiyalarının tətbiqi mərhələli şəkildə təkmilləşdirilib və hazırda notariuslar “Elektron notariat” sisteminin üçüncü- daha təkmilləşdirilmiş versiyasından istifadə edirlər. Bu sistem dövlət və özəl qurumlarla inteqrasiya olunaraq notariat hərəkətlərinin rəqəmsal şəkildə tam icrasını və arxivləşdirilməsini təmin edir.

 

Çıxış zamanı S. Bektaşi vurğulayıb ki, biometrik identifikasiya, sənədlərdə QR və barkodların tətbiqi, audio və video sübutların toplanması, habelə elektron notariat reyestrinin aparılması sahəsində ciddi nailiyyətlər əldə olunub. O, həmçinin “Mobil notariat” tətbiqi vasitəsilə vətəndaşların bəzi notariat hərəkətlərini məsafədən, 24/7 rejimində, bir neçə dəqiqə ərzində rəqəmsal şəkildə həyata keçirə bildiklərini diqqətə çatdırıb.

 

Səfər çərçivəsində notariuslar, həmçinin Daşkənd şəhərində fəaliyyət göstərən notariat ofisində olub, Özbəkistanda notariat hərəkətlərinin aparılması təcrübəsi ilə tanış olublar.