Media

Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi təsis olunub

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının rayonları, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. İşğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalamışdır.

 

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb.

 

Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunmuşdur.

 

Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir. İdarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır.