Media

Prezident İlham Əliyev “Notariat haqqında” Qanununa dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, “Notariat haqqında” Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmayacaq.

 

Həmçinin, qanuna notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri ilə bağlı yeni maddə əlavə edilib.

 

Əlavəyə görə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

 

Bundan başqa, dövlət başçısı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 27.02.2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a müvafiq dəyişikliklər etməlidir.

 

Mənbə: www.president.az, www.meclis.gov.az