Media

02 noyabr 2024-cü il tarixdə “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.

02 noyabr 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.

 

Notariusların peşə biliklərinin artırılması üçün aktual mövzuların müzakirəsi məqsədilə Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil edilmiş seminarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi Anar Süleymanov, Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Seymur İsmayılov, Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov iştirak edərək notariat fəaliyyətinin ən aktual məsələləri üzrə zəruri istiqamətləri seminar iştirakçılarının nəzərinə çatdırmışlar.

 

Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, notariat fəaliyyətinin inkişafı üzrə perspektiv məsələlərin icrası üçün, notariat sahəsində qanunvericiliyin təkmilləşdirilməsinin, notariatın inkişafı konsepsiyasının hazırlanmasının və kadrların peşə hazırlığının artırılmasının zəruriıliyini vurğulayaraq bu istiqamətdə notariusların daim səylərini artırmalarını, Notariat, qeydiyyat və reyestr baş idarəsi və Notariat Palatası ilə fəal işgüzar əlaqədə olmalarının vacibliyini bildirdi. Baş idarə rəisi E.Məmmədli vurğulamışdır ki, hazırda hazırlanmaqda olan notariatın inkişaf konsepsiyası notariatın müxtəlif sahələrinin davamlı inkişafının əsas istiqamətlərini müəyyən edəcəkdir.

 

Tədbirin moderatoru Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov “Vərəsəlik münasibətlərində yeni hüquqi tənzimləmələr” mövzusunda çıxış edərək bildirmişdir ki, son bir ilə yaxın dövrdə respublikamızda vərəsəlik hüquq münasibətlərinin tənzimlənəsi sahəsində əhəmiyyətli dəyişikliklər baş vermiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.12.2023-cü il tarixli Qərarı ilə vərəsəlik institutunun mirasın qəbulu və ondan imtina mexanizmləri, həmçinin susmuş vərəsənin hüquqi statusuna əsaslı dəyişiklik edilərək, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş və beləliklə, vərəsənin mirasdan imtina etmədiyi hallarda qeyd-şərtsiz vərəsə olması və mirasdan imtina etməyən, eyni zamanda mirası qəbul etməyən vərəsəyə də mütləq şəkildə pay ayrılmalı olması kimi yeni hüquqi vəziyyət yaranmışdır. Yeni hüquqi vəziyyətdə vərəsəliyin rəsmiləşdirilməsində imtina institunun hüquqi qüvvəsi və əhəmiyyəti önə çıxmış, mirasın qəbul edilmə müddəti əhəmiyyətini itirmiş və vərəsələrin şərtsiz olaraq miras əmlak üzərində hüquqlarının təmin olunması şərtləndirilmişdir.

 

Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Seymur İsmayılov “Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Notariatın inkişafı onun cəmiyyətdə dəqiq təbliğindən başlayır. Notariatın imkanların inkişafının təmin edilməsi istiqamətində notariuslar müxtəlif əqdləri təsdiq etməklə onların hüquqi qüvvəsini artırır və tərəfləri dələduzluqdan qoruyur, məhkəmədə sübut kimi istifadə edilməsini təmin edir, vətəndaşlara hüquq və vəzifələrini başa düşməyə kömək etməklə mübahisələrin ehtimalını minimuma endirir, notarius qanunun tələblərinə riayət olunmasını təmin etməklə ədalət prinsipinin təmin olmasına xidmət edir və mübahisələrin qarşısını almağa kömək etməklə müdafiə xərclərindən azad edir. Notariat əməliyyatları aparılarkən vətəndaşlara hüquq və vəzifələri izah olunmalı, mülki dövriyyədə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün onlarla kifayət qədər geniş şəkildə izahat işi aparılmalıdır. S.İsmayılov qeyd etmişdir ki, notariat təcrübəsində əqdlərin təsdiq edilməsi kimi əməliyyatlarda beynəlxalq təcrübə, xüsusilə də Almaniya notariatının müsbət təcrübəsindən yararlanmaq notariat hərəkətlərinin hüquqi prosedurlarınıntəkmilləşdirilməsinə töhfə vermiş olardı.

 

Azərbaycan Notariat Palatasının İdarə Heyətinin üzvü, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu Kənan Rəhmanov “Mənzil-Tikinti Kooperativlərində yaşayış sahələrinin özgəninkiləşdirilməsi təcrübəsi” mövzusu üzrə məruzə edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. MTK-də yaşayış sahələrinin özgəninkiləşdirilməsi təcrübəsinə gəldikdə, burda məsələyə iki kontekstdən yanaşmağımız düzgün olardı. Bunlardan biri MTK-nə üzv qəbul edilməklə həmin Kooperativ tərəfindən inşa edilən yaşayış binasında yaşayış sahəsi əldə etmək prosedurundan ibarətdir. İkinci halda isə, artıq MTK-nə üzv qəbul edilməklə pay əldə etmiş şəxsin öz payı üzərindən sərəncam verməklə özgəninkiləşdirməsi prosedurundan ibarətdir. Hazırda tikintisi aparılan binaların əksəriyyətinin yerləşdiyi torpaq sahələri mülkiyyətdə olmadığından qanunvericiliyin bu sahəni tənzimləyən normaları tam işlək formada deyil. Bu məsələ ilə bağlı xarici təcrübənin öyrənilməsi ilə əlaqədar bu ilin sentyabr ayında Notariat, qeydiyyat və reyestr baş idarəsnin və Notariat palatasının təşkilatçılığı ilə Almaniya Federativ Respublikasına səfər təşkil edilmiş və Almaniya təcrübəsi öyrənilmişdir.

 

Seminar gedişində mövzular ətrafında diskussiyalar aparılmış, notariat fəaliyyətində tez-tez rastlaşılan aktual məslələrə dair suallar cavablandırılmış və təkliflər dinlənilmişdir. Notariat fəaliyyətinin aktual məsələlərin işçi qaydada müzakirəsi və vahid yanaşmanın formalaşdırılması məqsədilə müvafiq işçi qrupun yaradılması nəzərdə tutulmuşdur.

 

Seminarda Bakı şəhərində və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 60-dan artıq notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.

Notariuslar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşə biliklərinin artırılmasına yönələn bu kimi təlimlərin gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib

06.04.2024

Azərbaycan notariatı Qazaxıstanın Nursultan şəhərində keçirilmiş beynəlxalq tədbirdə fəal təmsil olunmuşdur

20-22 iyun 2022-ci il tarixlərində Qazaxıstan Respublikasının Nursultan şəhərində "Yeni reallıq şəraitində notariatın müasir çağırışları və inkişafı" mövzusunda keçirilmiş II Mərkəzi Asiya beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyətininin üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi, Azərbaycan Notariat Palatasının Elektron notariatın inkişafı üzrə işçi qrupunun koordinatoru Zaur Həsənovun “Azərbaycan Respublikasında notariuslar tərəfindən icra qeydlərinin aparılması qaydaları” mövzusunda təqdimatla çıxış etmişdir. Azərbaycan Respublikasında notariatın elektron imkanlarını əks etdirən təqdimat tədbir iştirakçılarının geniş marağına səbəb olmuş və bu barədə Qazaxıstanın Respublika Notariat Palatasının “Notariusun bülleteni” adlı elektron jurnalında əks olunmuşdur.

19.07.2022

Azərbaycan notariatı Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə fəal təmsil olunub

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar ədliyyə xidmətlərinin müasir çağırışlara uyğun inkişafını, mütərəqqi beynəlxalq təcrübələrə yiyələnməklə onların rəqəmsallaşdırılmasını və əlçatanlığının artırılmasını təmin edir.

01.07.2022